Ermənistanın bir aydan çoxdur hədəfə aldığı Azərbaycanın Tərtər şəhərində sığınacaqlarda yerləşməli olan insanlar ölüm təhlükəsinə baxmayaraq, şəhərlərindən ayrılmırlar və ordularından müjdəli xəbərlər gözləyirlər.
Lent.az Türkiyənin “ TRT Haber” xəbər portalının hazırladığı həmin reportajı təqdim edir.
Ermənistan işğal altında saxladığı ərazilərdən cəmi 15 kilometr aralıda yerləşən Tərtər şəhərini sentyabrın 27-dən bəri davamlı top atəşi ilə hədəfə alır. Ermənistanın Tərtərə davamlı hücumları, 25 minə yaxın əhalisi olan şəhərdə təhlükəsizlik səbəbiylə evlər boşaldılsa da, bəzi sakinlər münaqişə başlayandan bəri sığınacaqlarda qalır. Azərbaycan rəsmilərinin bildirdiyinə görə, şəhərin müxtəlif bölgələrinə gündə orta hesabla 200-dən çox mərmi düşür. Ermənistan hətta şəhər qəbiristanlığını hədəf alır. 5 min insanın yaşadığı kütləvi yaşayış sahəsində sığınacaqlarda qalanlardan başqasını görmək mümkün deyil.
2018-ci ildə şəhərdən bir az kənarda yerləşən Dağlıq Qarabağın məcburi köçkünləri üçün inşa edilən yaşayış massivlərindən birində, 51-ci sığınacaqda qalan 54 yaşlı Aydın Şahverdiyev 34 gündür şəhərdən çıxmır və 12 qonşusu ilə birlikdə ümidlə cəbhədən xoş xəbər gözləyir.
Qonşularının əhvalını yüksək tutmaq üçün saz çalan Şahverdiyev, "Əsgərlərimiz cəbhədə irəlilədikdə, mən sığınacaqdakıların əhvalını yüksəltmək üçün saz çalıram", - deyib. Aşıq Aydın kimi tanındığını və 26 yaşından bəri saz çaldığını söyləyən Şahverdiyev əslən Dağlıq Qarabağdan olduğunu, 25 yaşında vətənlərini tərk edərək Tərtərə sığındıqlarını bildirib. 1993-cü ildə Ermənistandan qarşı vuruşduğunu qeyd edən Şahverdiyev, "Sazım da mənimlə vuruşdu. O dövrdə əsgərlərimizin əhvalını yüksəltmək üçün saz çalırdım", - deyib. Şahverdiyev atasının torpağı olan Ağdərənin geri alınacağını səbirsizliklə gözlədiyini və illərdir uzaqda olduğu evinə qayıtdıqda "Yanıq Kərəm" mahnısını səsləndirəcəyini dilə gətirib.
42 yaşlı Hicran Əmrahova 34 gündür qardaşı və qonşuları ilə 59-cu sığınacaqda qalır.
Ermənistanın hər yerə amansızca mərmi yağdırdığını deyən Əmrahova, oktyabrın 19-da sığınacağın havalandırılması üçün açılan kiçik pəncərəyə top mərmisi dəydiyini bildirib: “Buradakı qonşularımızdan biri sığınacaqda yaralanıb". Əmrahova həyati təhlükəsi olduğu üçün sığınacaqdan çölə çıxa bilmədiyini söyləyib. Hicran Əmrahova Dağlıq Qarabağdakı qarşıdurmalar bir il davam etsə belə, evində və sığınacaqda qalmağa davam edəcəyini və heç vaxt şəhəri tərk etməyəcəyini bildirib.
Əmrahovanın böyük qardaşı, 47 yaşlı Müşfiq Əmrahov sığınacaqda qalanlar arasındadır. O, iki övladından birinin təxminən bir aydır cəbhədə olduğunu, digər oğlunun isə həyat yoldaşı ilə birlikdə təhlükəsiz bölgəyə keçdiyini deyib. Əmrahov əslən Dağlıq Qarabağın Kəlbəcər şəhərindən olduqlarını və 1993-cü ildə oradan köç etmək məcburiyyətində qaldıqlarını söyləyərək əlavə edib: "Doğulduğum torpaqları görə bilmədim. Ancaq geri qayıtmaq ümidimi heç vaxt itirmədim. Günlərimi sığınacaqda keçirirəm, milli mahnıları dinləyir və ordumuzdan xoş xəbərlər gözləyirəm" .
Azərbaycanın Baş Prokurorluğu 27 sentyabr - 29 oktyabr tarixləri arasında erməni yaşayış məntəqələrinə edilən hücumlarda 91 mülki şəxsin öldüyünü və 329 nəfərin yaralandığını bildirib.